Xəbərlər

Əmin olun ki…

23722565_720640558127078_690696576193598006_n

Əmin olun ki, işinizi yaxşı bilsəniz, sizdən xahiş edəcəklər, siz yox…

Bəzən insanlarımız işsizlikdən və maaş azlığından şikayət edir. Azərbaycana xas olan ən çox yayılmış fikir – “Bacarıqlıyam, əlimdən hər şey gəlir”dir. Bu gözəldi, amma “Peşən nədir, bəs səni hansı işə götürək ki, digər bacarıqlarından da yararlana bilək?” deyəndə, deyir – “Siz şans verin, göstərərəcəyəm”, deyirəm – “Məsələn hansı işə?”, deyir – “Nə iş olarsa”, deyirəm – “Fəhlə ştatı var”, deyir – “Yox”, deyirəm – “Bağban ola bilərsən?”, deyir – “Ay müəllim, mənə yaraşmaz”, deyirəm – “Qaravul ola bilərsən?”, baxır və gözlərindən oxuyuram, mən boyda adam, indi gəlib qaravul işləyəcəm. Bir az da düşünürəm və “Bəlkə, təsərrüfatçı olasan?” deyə soruşuram, deyir – “Məsələn, nə edəcəm?”, bir az izah edirəm, birtəhər razılaşır və “Mən kimə tabe olacağam?” sualını verir, “Mən istəyirəm, sizinlə işləyim”. İzah edirəm, başa salıb, xahiş-minnətlə razılaşdırıram ki, mənimlə olmaz, sənin müdirin filankəs olacaq.

Sonra da maaş soruşur. Təqribən 3-4 yüzdən başlayacağını deyirəm, deyir – “Ay müəllim, bilirsiniz də, ailəliyəm. Axı, bununla dolana bilmərəm”. Bax, Kərəmi burda ağlamaq tutur…

Bu hal bütün sahələrdə belədir. Müəllimdir, deyir, maaş azdır. Deyirəm – “Sən mənim istədiklərimi ver peşənə görə, mən də sənə istədiyini verə bilim”. Deyir – “Nə?” Deyirəm – “Axırıncı oxuduğun pedaqoji jurnal, məqalə, istifadə etdiyin internet resursu, özünü inkişaf etdirmək üçün girdiyin seminar və s. hansılardır?” Allahın müəllim üçün vəsaitini oxumayıb, heç tanış da deyil, deyir, maaş azdır. Hələ bir kurikulumu da bəyənmir. Deyir – “Elə 25 testdən 24-nü yazmışam. Deyirəm ki…. day demirəm…

Gənclər, qurban olum sizə, başınıza dönüm, özünüzü bir sahə üzrə inkişaf etdirin, bir yerə də gedəndə ünvanlı gedəsiniz, özünüzü təqdim edə biləsiniz. Ya da təcrübəyə-filana dəvət edəndə yaxşı istifadə edin. Özünü inkişaf öz üzrərində işləməkdən keçir. Sadəcə özünüzə güvənin və əmin olun ki, bu gün ölkəmizdə olan ən böyük dərd kadr qıtlığıdır. Burda dövlət qurumları da, özəl müəssisələr də əziyyət çəkir. Süpürgəçi olsanız belə, süpürgənin növlərini bilməlisiniz. Çünki o da bir peşədir. Əmin olun ki, işinizi yaxşı bilsəniz, sizdən xahiş edəcəklər, siz yox…

Oxşar yazılar