Köşə Səfər qeydləri və xatirələr

Ananı baladan ayıran bayram

e29222a00b

Dünən səhər oyanan kimi öz könül saflığı ilə oruc tutan anama zəng etdim. Anam qatı dindar olmasa da, yaylığını bağlayar, yaşmağını tutar, yas mərasimlərinə gedəndə lap çadrasını da örtər. Amma bu çadranın hicabdan fərqi onun artıq min illərdir özümüzünküləşməsidir. Hicab yox, örpəkdir. O, sadəliyi ilə dinə inanar. Uşaqlığımdan görmüşəm ki, sağlamlığı imkan vermədiyindən həmişə oruc tutmağa cəhd etsə də, baş ağrılarından dözə bilmədiyi üçün bir-iki günlə bu sevdasına son qoymuşdu. Amma son vaxtlar  müalicədən sonra, deyəsən, bacarır. Hə, Anama zəng etmişdim axı. Yarıyuxulu olsa da, onun bayrmanı təbrik etdim. Anamınsa cavabı başqa cür oldu: -Mən də səni təbrik edirəm, amma bizdə bayram bu gün deyil axı… Deyirlər 29 iyuldadır. Bir az zarafatlaşdıq, gülüşdük. Az qalırdım başlayam yenə elmdən, fəlsəfədən, dindən danışam. Anamın inancına sayğı və məhəbbətimdən dolayı və onun dünayın bu siyasi proseslərindən başı çıxmadığını xatırladığım üçün fikrimdən daşındım.

Bir anlıq düşündüm, bir bayram ki, ana ilə balanın ortaq bayramı ola bilmir, onda kimin və necə bayramı olur? Nə cür bayram olur? Rəhmətlik Cəlilin “Mən kiməm? Anam Kimdir? Sualları andım. Cavab bəlli idi. Amma məhz bu cavab da məni təşvişə saldı…

Sonra sosial şəbəkələrdə xəbərləri izlədim. Yenə həmin dərd. Qulu İbrahimlinin paylaşımında Üzeyir Hacıbəyovun “Filankəs” imzası ilə hələ 1915-ci ildə yazdığı məqaləsini gördüm. Məqalənin ilk cümləsi belə idi: “Bu nədəndir ki, bizim bayramlar ikiləşib, birisi bir gün və o biri də onun səhərisi olur?Bunun adına nə deməli? Və bunun mənası nədir?”   Bu cümlədən 100 il keçsə də, hər şey eyni idi. Hələ bu harasıdır? İftar məclislərindən birində bir oruc tutanın iftarını açması, birinin isə “hələ 15 dəqiqə var”, deyib məclisə boluculuk salması birləşdirici missiya daşıdığı deyilən dinin sayəsində baş tutmuşdu.

Axşama qədər istər virtualda, istərsə də realda bu cür müzakirələrin içində oldum.

Anamın səhərki tənqidindən sonra kimisə təbrik etmək arzusunda olmadım. Amma axşamdan bir iki oruclu dostuma zəhmət çəkib təbrik mesajı yazmışdım. Çünki aclıqla özlərini imatahana çəkməyi bacaranlara böyük hörmətim var. Amma telefonuma gələn təşəkkür və “bahəm” tipli mesajlardan fərqli olaraq özünü  “mömin” bəndə hesab edən birinin ərinmədən sadəcə “bu gün bayram deyil, bayram sabahdır” yazması lap ürəyimi ağrıtdı. Çünki anamdan fərqli olaraq bu “əməli saleh” bəndə oxumuş ziyalı idi. Sözüm onda yox ki, o, anamdan savadlı idi. Sözüm ondandır ki, o anamdan fərqli olaraq hansısa qruplaşmanın üzvü idi. Həm də bilərəkdən.

Hələ  dəyərli ziaylımız Fazil Mustafanının öz statuslarında Şeyxülislamın əksinə gedərək bayramın məhz bu gün olmasını ifadə edən yazıları isə lap dəhşət idi. Şeyxülislamın işi məhz dinlə məşğul olmaqdır. Bir növ bu onun işidir. Amma bir deputatın dini çağırışları, kimlərisə dəstəkləyici fikirləri artıq parçalanmadan və bu parçalanmanın dərin izlərindən xəbər verir. Axı bir millətin övladlarını, bir ailənin üzvlərini birləşdirə bilməyən bir hadisə necə bayram ola bilər? O bayram ki, min illər keçməsinə baxmayaraq gününü tam dəqiq müəyyənləşdirə bilmirik. İnsanın bu qədər inkişaf etməsinə baxmayaraq, hələ də simvolik günün, saatın belə qrubanı olmuşuq.

Yazımın adını “Ananı baldan ayıran bayram” qoymuşam. Bu o demək deyil ki, anamın bayramı 29-da mənim bayramım 28-də dir. Əslində, ananın bayram etdiyi bir hadisəni oğul bəşəriyyətin faciəsi hesab etməsi bir faciədir. Axı kimdir müqəssir? Ana bayram edir, oğul isə anasının, əzizinin bayram adlandırdığını heç qəbul belə etmir. Ən böyük sual burdan doğur, görəsən, anamı düz yoldadır, balamı?

Sualın cavabını şeyxlər və siyasi şeyx arzusuna düşənlər düşünsün. Amma mənim yadıma gəlir ki, Novruz bayramını, Xıdır Nəbi bayramını, Çərşənbə bayramını anamla mən eyni gündə qeyd edirik. Təbriklərimizi qarşılıqlı şəkildə bir-birimizə ünvanlayırıq. Bu hadisəni xatırlayıb səmimi duyğularla gülümsündüyüm halda, yenə kədərlənirəm. Axı elə balalar da var ki, anasının Novruzu bayram kimi qeyd etməsinə baxmayaraq, hansısa bir dini qruplaşmanın üzvüdür və Novruzu bayram hesab etmir. Nəsə mən yenə çaşbaş qaldım. Belə çıxır ki, elə Novruz da ananı baladan “ayıran” bayram imiş…

Elə burda düşünürəm ki, bayram etmək çox vacibdir ki?

P.S. Azərbaycanlılar bu Ramazan bayramı ilə bağlı dörd yerə bölünür: Birincisi, bayramı 28 iyulda qeyd edənlər, ikincisi bayramı 29 iyulda qeyd edənlər, üçüncüsü bayram etməyənlər, amma bayram edənlərə hörmətlə yanaşıb onlara hörmətlə yanaşanlar, bayramı 28 -də, 29-da edənləri təbrik edərək onlara xoş arzular söyləyənlər, dördüncüs isə ümumiyyətlə bayram etməyənlər, bayram edənlərə də xoş baxmayanlar.

Məncə, elə birləşdirici mövqedə duranlar məhz ücüncülərdir.  Çünki onların düşüncəsi Mövlanə Cəlaləddinin düşüncəsidir: Gəl… Gəl, nə olursan ol, gəl!.. İstər kafir, istər mecusi, istər inanan ol, gel… Bizim dəgrahımız ümitsizlik dərgahı deyildir.

 

P.S. Bayramın hansı gün olmasından asılı olmayaraq, öz nəfsini imtahana çəkməyi bacaranlara böyük hörmətim var. Bu ayini yerinə yetirmək böyük iradə istəyir. Nə fərqi var ki, kimin üçünsə bayram deyil, bunu bayram edənlər və bundan məmnun olanlar var. Bir nəfər belə qəlbən sevinirsə, mənim üçün bayramdır.

Oxşar yazılar