Köşə Manşet

Müəllim yoxsa bəy?

19620542_1359372807450725_406317640014268040_o

Müəllim… Türkiyə türkcəsində “öyrətmən” kimi ifadə edilir. Elə bizim türkcəmizdə də müəllim “öyrədən” mənasını daşıyır. Müəllim sənətini iki yerə bölsək, biri bu sənətin sahibi, öyrəndiyi ixtisas və ya peşəni kimlərəsə öyrətməyi özünə məqsəd seçən və bundan zövq alanlar, digəri isə sadəcə situasiyaya görə kiməsə nəyisə öyrədən, amma tamamilə başqa bir peşənin adamı olanlar. Bu nəzəriyyə ilə götürsək, hamıda bir müəllimlik var. Gəlin görək hamıda nəyisə nə vaxtsa kiməsə öyrətmək qabiliyyətinin olması haqq verirmi ki, biz hamıya “müəllim” deyə müraciət edək? Əlbəttə ki, mən buna bir müəllim kimi etiraz edirəm. Necə kimisə adı ilə çağırmayanda xoşuna gəlmir, məncə, digər sahənin də insanlarının xoşuna gəlməməlidir bu ifadə. Mən dahilər kimi demirəm, müəllim böyük addır, onu hər adama demək olmaz, sadəcə düşünürəm ki, müəllim cəmiyyətimizdə ümumə müraciət forması olaraq istifadə edilməməlidir. Bu zaman “bəs müraciət forması kimi nəyi istifadə etməliyik?” sualı ortaya çıxır. Gəlin dilimizdə olan müraciət formalarına və onların əmmalarına baxaq. Cənab, bəy, usta, yoldaş, qardaş, dayı, müəllim, xala, bacı, ana, xanım və s. Sadaladığımız bu müraciət formaları ümuma müraciətdə hələ də dilimizdə oturmayıb. Hərəsində bir yarımçıqlıq var. Düzdür, belə hallarda bunu buraxırlar dilin öhdəsinə ki, dil canlı varlıqdır, göz bəbəyi kimi artıq zir-zibili təmizləyib dildən atacaq. Amma, görünür, bəzən belə olmur. Hamıya (kişilərə) cənab deyə müraciət edirsən, dilini sevən bir şəxs deyir ki, “bu nə deməkdir, dilimdəki “bəy” sözünə nə olub ki, alınma sözdən istifadə edirsən?”, ziyalı olmayan birisə buna ironiya ilə gülüb sanki “məndən cənab çıxar?- deyir”.  “Bəy” deyə müraciət edirsən, biri deyir ki, hər adama “bəy” demək olmaz, bala, bəyin gərək əsli, nəcabəti olsun, biri deyir ki, bəyəm mən muxalifətçiyəm? “Yoldaş” deyirsən, yenə alınmır, allah bu sözü bu günə salanın tifaqın dağıtsın, necə ki bu sözü bu günə saldılar, elə bil, kiməsə “yoldaş” deyəndə onu özündən uzaqlaşdırmaq istəyirsən, ona hökm kəsmək istəyisən, cəza vermək istəyirsən. “Usta”, “qardaş”, “dayı” sözünü də hamıya demək olmur. Xüsusən də rəsmi şəxslərə heç olmaz. Çünki müraciət formaları dilimizdə iki yerə bölünür: rəsmi və qeyri-rəsmi. Yerdə qalır “müəllim” sözü, necə ki müəllim yerdə qalıb.

Müəllim adını bütün cəmiyyət tanıyır, ona dəyər verir, haqqında yüksək pafosla danışır, hətta müəllim haqqında aforizmlər də söyləyir. Zümrəsindən, dinindən, millətindən, irqindən, cinsindən, yaşından fərqli olmayaraq, hamı müəllim adının yüksəklərdə olmasını birmənalı olaraq söyləyir. Amma iş əmələ gələndə bu çox iyrənc formada təzahür edir. Fikrimi izah etmək üçün iki məsələnin üstündə durmağa çalışıram.

Bu yaxınlarda yol kənarındakı səyyar meyvə “dükan”ından meyvə almaq istədim. Məndən öncə iki nəfər şəxs meyvə almış, haqq-hesab edirdi. Satıcı kassaya əyilərək nəsə pul sayırdı. Birdən səsləndi ki, müəllim, 10 manata xırdanız olmaz ki? Bu vaxt həmin şəxslər cin vurmuş adam kimi sağa-sola baxdılar. Sanki kimsə onları təhqiramiz formada alçaltmışdı. Amma mən diksinmədim, çünki müəllim sözünün alnıma yazıldığını artıq qəbul etmiş, öz adımı müəllim sözü ilə əvəzləmişdim əməllərimlə.

Üst-başlarından sürücüyə və ya tikintidə işləyənlərə bənzəyən şəxslərdən biri satıcıya bir az kobud şəkildə, bir az da ironik mimika ilə: “kimləsən, qardaş?” – deyə soruşdular. Satıcı da qəbahət işləmiş adamlar kimi, səs tonunu qısaraq “sizlə” dedi. Şəxslər təəccüblü şəkildə satıcıya baxır, səhv etdiyini ona başa salmaq istəyirdi. Həmin an bir müəllim kimi özümü çox alçalmış hiss etdim. Hətta qardaşlar gedəndən sonra satıcı ilə onların arxasınca da danışdıq.  Mənə elə gəldi ki, “müəllim” sözünü özlərinə yaraşdırmır, hətta təhqir olunmuş sayırdılar. Və bunun üçün də bu yazını yazmaq istədim. Amma yazının burasına çatanda xoş niyyətlə düşünərək, bəlkə, onlar özlərini müəllim sözünə yaraşdırmayıblar, hətta düşünüblər ki, “bizdən müəllim çıxar?!”,- deyə ürəyimdən keçirdim.  Bu da müəllimin həmişə bağışlayan olmasından irəli gəlir, bəlkə.

Məncə, Azərbaycan yeganə ölkədir ki, müraciət forması dəqiq olmayanda, hamıya müəllim deyə müraciət edilir. Beləliklə, dırnaqarası müəllimlərin sayı çoxalır, onsuz da hörmətə minə bilməyən müəllim adı, bu minvalla ayaqlar altına düşür. Son vaxtlar “müəllim” sözü yeni bir məna da qazanmaqdadır: şef, patron.  Belə ki, bir çox idarələrdə işçilər rəhbərlərinə sadəcə “müəllim” deyə müraciət edirlər. Düzdür, düşünmək olar ki, nə var ki, burda? Amma sözün işlənmə məqamını xatırlarsanız, dediyimi anlamaq çətin deyil. “Müəllim gəldi”, “müəllim özü tapşırdı”, “müəllim dedi, saat 5-də yanımda olsun” və s. Bu, o deməkdir ki, burda bir müəllim var, bu söz sadəcə bir şəxsə məxsusdur. Bunun intonasiyası da fərqli olur. Yaltaqlarda bir başqa, digərlərində bir başqa.

Ən qədim peşələrdən olan bu sənət bu gün də hər kəs tərəfindən hörmətlə anılır, amma boğazdan yuxarı. Çünki müəllimin cəmiyyətimizdəki rolu, nüfuzu cəmiyyətimizin bu sənət sahiblərinə münasibətinin səmimi olmadığını göstərir.

Bütün peşələr kimi “Müəllimlər günü” deyilən bir gün var, əvvəllər oktyabrın ilk həftəsi götürülsə də, artıq formalaşaraq oktyabrın 5-i qəbul edilib. Bu bayram günündən o qədər də uzaqlaşmamışıq. Məncə, hamının yadında olar bu zaman cəmiyyətdə gedən söhbətlər. Oktyabrın 4-də feyzbuk profilmdə yazdığım statusu da bura əlavə edirəm.

“Sabah müəllimlər günüdür. Əgər özüm də müəllim olmasaydım, müəllimlərə yazığım gələrdi. Bütün dünyada olduğu kimi, Azərbaycanda da bütün peşə sahiblərinin bayramı qeyd edilir. Amma yeganə peşə bayramıdır ki, adı gələndə hamı ağız əyir. Heç kim bu bayramın gəlməsinə sevinmir. Heç müəllimlər də. Valideynlər ona görə sevinmir ki, kiməsə nəsə almaq və ya vermək məcburiyyətindədir. Müəllimlər də ona görə sevinmir ki, dedi-qodu, söz-söhbət, boğazdan yuxarı deyilən təbriklər, “dedim, pul verək, özünüz nə alırsınız alın” kimi ifadələr və s. Kaş ki, nə müəllimlər olaydı, nə də müəllim günü. Nə də ki, ömürlərini vətəndaş yetişdirməyə həsr edən, gecəsini gündüzə qatıb, həyatını tabaşir kimi toza çevirən müəllimlərə itaparan verilən hədiyyələr. Ehtiyac içində çırpınan müəllimə dolanışığının yaxşılaşdırılması üçün verilən minnətli rüşvət də olmayaydı- kasıbların boğazından kəsib əli əsə-əsə, harınlamış varlıların isə etinasız, hörmətsiz, saymazyana verdiyi 20 manat…

Ölkədə ən çox peşə sahibləri olan müəllimlərə heç kim hörmət bəsləmir, heç kim dəyər vermir. Aşağılanaraq, təhqir edilərək, cəmiyyətin bütün təbəqələrinin axırıncı səviyyədə gördüyü müəllimləri sevsə-sevsə, ibtidai sinif şagirdləri sevər. Çünki onlar hələ gözünü müəllimlər gününə, 8 Mart bayramına, rüb qiymətlərinə, uşaqların dərsdən sonra əlavəyə gəlmələrinə, kitab, sirkə bilet satıb ondan beş-üç qəpik qazanmağa dikən müəllimlərini tanımırlar. Şagirdinin bütün nazı ilə oynayıb, gələcəyini böyük ümidlə gözlədiyi, amma sonradan atılmışlar kimi heç zaman xatırlanmayan müəllimlərini tanımırlar. Gözləri uşaqlarını götürməyə gələn valideynlərin əlində olan müəllimlərini tanımırlar. Çünki 45 dəqiqədə 30 nəfər müxtəlif tərbiyədə olan şagirdin kaprizlərinə dözən, çığırmaqdan səsi batan müəllimlərini tanımırlar.

Əziz valideynlər, müəllimlər də insandır, qəlbi var, ruhu var, ürəyi var, qəlbi şagirdləri üçün çiçək açan gülüstandır. Nə olar onlar da bayramlarını zəhrimarla qarışdırmasın, nə olar onlar da uzun illər görmədiyi şagirdindən təbrik ismarıcı alsın, ürəklə, həvəslə təqdim edilən gül alsın? Nə olar belə olsa? Yoxsa ki, utana-utana, qısıla-qısıla valideynin onun cibinə qoyduğu 20 manatı götürsün, ya da ki makler sinif rəhbərlərinin sinifdən  manat-manat toplayıb paylaşdırdığı pulu alsın?!

Harda başladım, harda bitirdim, bilmədim, elə buna görə də  mövzudan yayındım, deyəsən. Məncə, müəllim adını daşıyan şəxs Bəhmən Məmmədovun şeirindəki parametrlərə cavab verməlidir. Əgər bunlara cavab verən bütünlükdə Azərbaycan xalqı olsaydı, mən hamıya “müəllim” deyilməyinin tərəfdarı olardım, yoxsa ümummilli müraciət formamız olan “bəy” və “xanım” ifadələrinin üstündə dururam, ixtisasından, peşəsindən asılı olamayaraq.

 


Mən bir müəlliməm

Qədim zamanlarda yorğun yolçuların qaldığı  karvansaraylar kimi olmalıyam:

İsti, əmin, comərd.

Qışla yaz qucaqlaşmalı əllərimdə,

Susuz torpaqların bağrından çaylar axdırmalıyam, gur və gümrah,

Tikanlar arasında güllər toplamalıyam,

Səhralara sürgün edilsəm də, qanımla ağac yetişdirməliyəm!

Şagirdlərin dərdini, problemini  yazmaq üçün dərimi kağız, qanımı mürəkkəb etməliyəm,

Önümə dəmirdən sədd çəksələr, dişimlə dəlməliyəm,

Dağları oymaq lazım olsa iynə ilə oymalıyam,

Nadanlığın, cəhalətin kökünü çürütməliyəm;

Çünki mən bir müəlliməm!

Ətrafıma elmdən, fəzilətdən, əxlaqdan qalalar tikməliyəm,

Vətənim uğrunda qandan-irindən dəryalar keçib getməliyəm,

Doğru yolda olan, haqqı tutub qaldırmağa gələn hər kəsə hörmətkar olmalıyam,

Bütün varlığı, bütün insanlığı sevməliyəm,

Özümün də ehtiyacı olduğu  halda, başqalarına kömək etməyə çalışan insan olmalıyam.

Ətrafımdakıları gülə, ətrafı Gülüstana çevirməliyəm,

Millətimin dərdiylə iztirablı yaşamalıyam,

Heç kimin qəlbini gül yarpağıyla da olsa, incitməməliyəm,

Əcdadlarımızdan bizə əmanət edilən can Azərbaycanımızı,

bizdən sonra gələn nəsillərə cənnət evi olaraq təslim etməliyəm;

Çünki mən bir müəlliməm!

Təbiətə bənzəməliyəm, onun qədər comərd, onun qədər sonsuz, onun qədər səbrli,

Hər hecasında bir dünyanın gizləndiyi kəlmələr tökülməli dilimdən.

Mən elmlə cəhalətin arasına, olanla olması lazım olanların arasına,

başqası olmaqla özü olmaq arasına sərhəd çəkməliyəm.

Çünki mən bir müəlliməm.

Sevgini, sevməyi öyrətməliyəm şagirdlərimə, kini, nifrəti deyil,

Çünki mən bir müəlliməm.

Silahım qələmim, qalxanım biliyimdir,

Bir əlimdə kitab, bir əlimdə tabaşir var,

Yaşıl taxta dünyamdır mənim!

Bir əlimdə bayraq, bir əlimdə torpaq, qəlbimdə çiçək açan şagirdlər var;

Millətimin bütün  müqəddəs əmanətləri məndədir, çünki mən bir müəlliməm!

 

Bütün dərdim millətim olduğuna görə, tək başıma bir millət, bir dövlətəm, mən tək başıma Azərbaycanam!

Oxşar yazılar