Haqqında yazılanlar

Şəmil Sadiqin “Yuxu maşını” povesti haqqında düşüncələr

14718600_1131987790211434_1097322847381874645_n
Əvvəla onu deyim ki, bir əsəri oxumağa başlayanda çox gərgin oluram. Yerimdə dura bilmirəm, əsəblərim pozulur, daxili narahatlığım məni əsir edir. Sonra əsəri başlayanda təzyiqim qaydasına düşür, ürəyimə bir sakitlik, dinclik gəlir. Bəlkə də qəribədi, amma kitab oxumaq məni həm də sarsıdır. Bir neçə gün özümə gələ bilmirəm…

Bu yaxınlarda çağdaş Azərbaycan nəsrinin nümayəndələrindən biri olan Şəmil Sadiqin “Yuxu maşını” kitabını əldə etdim. Müəllifin bir neçə hekayə və yazıları ilə tanış idim. Diqqətimi çəkən amillərdən biri də sadə və aydın dildə yazan müəllifin oxucuya doğmalığı, ərkyanalığı, səmimiyyətidir. Məncə, yazmaq təkcə sözlərin ardıcıllığı və düşüncələrin illüziyası deyil, yazmaq həm də müəlliflə oxucu arasında fikir körpüsünün qurulması, hiss və həyəcanların mübadiləsi, sevinc və kədərin qarşılıqlı transferidir. Bu mənada Şəmil Sadiq həm də özünün həyata baxışını yazılarında güzgü kimi işıqlandıra bilir. Mən bunu dəqiq bilirəm. Həm də onu dəqiq bilirəm ki, bu güzgüdə o təkcə özünü deyil, hamımızı göstərməyə çalışır, bir ayağını müharibədə itirən gənc əsgərin, oğlunu itirən ananın, cəhalətlə savaşan aydını real cizgilərlə əks etdirməyi bacarır.
“Yuxu maşını” povesti roman kimi hekayə şəklində təqdim olunur. Hadisələr gələcəkdə baş verməsi şübhəsiz bu əsərə olan marağı daha da artırır. Axı hər kəs gələcəklə bağlı heç olmasa ömründə bir dəfə də olsa düşünüb, suallar içində itib batıb, naməlum bir zamanın ahuşuna düşüb… Burada müəllifin sualları öz həllini tapır, lakin bu həll yolu heç də asan başa gəlmir. Uzun sürən daxili mühakimələr, polemikalar, zehni mübarizələr əsasında formalaşan həll yolları öz izahını lakonik və məntiqli şəkildə tapır. Müəllif bu əsərdə fəlsəfi diskussiyalardan, sentimental yanaşma tərzindən, skeptik baxışlardan geniş şəkildə istifadə edir. Əsərin bu hissəsində olduğu kimi:
“İnsan yaranandan özü üçün Tanrı axtarışındadır. Tanrı çox yaradıcıdır, çünki insan kimi mürəkkəb mexanizmə sahib özünəbənzər bir varlığı yaratdı. Lakin onun yaratdığı bu varlıq daha da yaradıcı olaraq, müxtəlif obrazlarda özü üçün Tanrı uydurdu, necə ki dinləri uydurmuşdur. Bu Tanrı məfhumunun yaradılma prosesi min illər çəkdi. Aşılandı, aşılandı və sonda sonuncu böyük dinin təqdimatında daha mükəmməl formada ortaya çıxdı. Tanrı insanın yaradıcılıq qabiliyyətini o qədər zəngin etmişdir ki, onun təxəyüllünün məhsulları bir-birindən maraqlı və əsrarəngizdir”.
Tanrı haqqında mühakimələr bir çox müəlliflərin əsərlərində mahiyyət etibarilə bir inam, bir pərəstiş və ümid yeri olmuşdur. Ümumiyyətlə Tanrının varlığı və yoxluğu bütün dövrlər üçün aktual məsələ olaraq qalır. Şəmil Sadiq Tanrını öz yönündə, öz dünyasında təsvir edir, təkrarçılıq eləmir, yeni fikir, yeni düşüncə yaradır, qəribədir Yaradan özünün yaranma prosesini yaratmaq üçün nə qədər dolaşıqlıqlara səbəb olmuşdur. Bu mənada müəllif əsərdə dolaşıqlıq yaratmır, əksinə bu düyünü açmağa çalışır. Sual işarəsinin yerinə böyük bir nida qoymağa cəsarət edir. Aşağıdakı fikirlərə diqqət yetirək:
“İnsanlar uydurulmuş Tanrıları unudaraq öz həqiqətləri ilə yaşayırdılar. Sadəcə insanın müəyyən etdiyi qanunlarla. Çünki Tanrının adından təklif edilən qaydalar artıq insanlara doğma gəlmirdi, dəyişən xarakterə sahib olan insan dinlərin təklif və tələb etdiyi qaydalardan daha çox inkişaf etmişdilər. Lap ilk miflərdən olan Adəm və Həvva mifində olduğu kimi. Hələ o zaman insan Tanrı adından qoyulan qadağalar yox demiş, Tanrının istədiyi müti obrazdan çıxmışdır…”
Müəllif oxucunu inandırmağa çalışır ki, dəyişən heç nə yoxdur. İnam hissinə hörmətlə yanaşaraq ehmalca oxucunu skeptik düşünməyə vadar edən müəllif, həm də bir daxili özünü dərk və sualların yaranması üçün zəmin yaratmış olur. Əlbəttə məqsəd heç də özgüvənin itməsi deyil, əksinə özünə inamın olması və bunun motivasiya şəklində ötürülməsidir.
Şəmil Sadiqin yaradıcılığında Tanrı mövzusu spesifik xüsusiyyətlərə malikdir. Belə ki, bir çox yazarların istifadə etdiyi qəzəb, kin Şəmil Sadiqin yaradıcılığında Tanrıya qarşı hiss olunmayacaq dərəcədədi. Müəllif bəlkə də sinxron şəkildə oxucuya öz ədəbi dünyasının tərcüməsi şəklində Tanrını təqdim edir. Bu təqdimat Günəş həqiqəti qədər vacib, zaman anlamı qədər əhəmiyyətlidir. Axı yazıçı həm də yaxşı bir örnək olmalıdır. Sağlam düşüncənin, düzgün qəraraların yaxşı bir örnəyi kimi…
“Yuxu maşını” əsərini bir dəfə oxumaq kifayət etmir. Ən azından qısa fasilələrlə bu əsəri bir neçə dəfə oxumaq lazımdır. Ona görə ki, əsər öz fəlsəfi məzmunu və sehri ilə hər dəfə oxucunu təəcübləndirə bilir, onu həyatla, ölümlə, Tanrı ilə tanışlığa daha yaxın edir, həm də bir qədər uzaqlaşdırır. Bu mənada əsəri bir neçə dəfə oxumaq lazımdır ki, daha dolğun şəkildə əsəri mənimsəyə biləsən…
Əsərdə hadisələrin zaman ardıcıllığı bir qədər çaşqınlıq yaradır. O qədər də uzaq gələcəkdə baş verməsə də, bir hadisədən o biri hadisəyə keçidi sürət etibarilə fərqlənir. Məkan baxımından oxucuya yad olmayan bir ünvan qeyd edilir. Bu da əsərə doğma çalar vermiş olur.
Əsərdə Aycanın hissləri qabarıq şəkildə təsvir olunur, onun duyğuları o qədər kövrəkdir ki, hər an öz gözəlliyi ilə insanı valeh edir. Onun qəlbi dünyanın özündən də böyükdü, bütün varlığı ilə insanlıq və humanizm carçısıdır… Onun sarsıntıları ağ örpəyə bürünən bir çiçək kimi ətrafa nur saçır. Aycanın əhatəsində bu nurdan qaynaqlanan adlar var. Hansı ki, Aycanın psixoloji durumuna da ciddi şəkildə təsir etmiş olur.
Müəllif Azərbaycan tarixinin səhifələrini də də qeydlər etməyi unutmayıb. Bu tarixin əzəmətini, möhtəşəmliyini vurğulayan müəllif qəhrəmanın dili ilə oxuculara bunu nəql edir, oxucunu maarifləndirir:
“İnsan bu qədər təşkilatçı ola bilməz… Bütün tarix 14-15 yaşlı bir uşağın -Şah İsmayılın qısa müddətdə 2.000.000 kvadrat metrlik əraziyə sahib olmasına inana bilmədiyi kimi, mən də onun bizlərdən biri olduğuna inana bilmirdim… “
Əsərdə milli özünü ifadə, soykökə bağlılıq, milli məfkurənin dərki də ön plandadır. Tarixini unudanın gələcəyi şübhə altında olar… Bu baxımından müəllif öz tarixinə qarşı çox həssasdır, onu unutmamağa, ondan dərs almağa çağırır. Axı bizim aldığımız dərslərlə çıxardığımız nəticələr heç də həmişə üst-üstə düşmür…
Sanki yağışdan sonra torpağın ətri çöküb bu əsərdə qəhrəmanların üstünə. Hətta bir anlıq göz önünə onların baxışları, sadəlöhvlüyü gəlir. Orxanın, Bilgənin fonunda həqiqətən roman kimi hekayəni oxumuş oluruq:
“Mən ona sarı qaşdım… Görən kimi tanımışdım. Uzun illər keçməsinə, xeyli dəyişməsinə, həyatda bir dəfə də olsunyaxından görmədiyimə baxmayaraq, tanımışdım. Əslində, yaxşı olardı ki, bu hadisəni oxucalara danışanda bir az sentimentallıq edəydim. Lakin düşünürəm ki, onu görən kimi tanıdığıma inananacaqsınız…”
“Yuxu maşını” əsəri mənə bu yazını yazmağım üçün əslində çox sadə bir səbəb verdi:
“Yaxşını qeyd etməmək olmaz, bunu görməmək günahdı, bu haqda yazmamaq ədalətsizlikdi. Ona görə də bu əsəri ilk öncə oxuyub, sonra bir qədər düşünmək, daha sonra isə içində dolaşan naməlum təlatümləri ağ kağıza köçürmək lazımdır. Bununla da həm mənəvi rahatlıq tapmış olar və uzun müddət bu rahatlıqdan zövq ala bilərik. Bir oxucu kimi “Yuxu maşını” əsərini oxumağı şiddətli şəkildə tövsiyə etməyi özümə borc bilirəm. Təkcə borc yox, həm də məsuliyyətimi dərk edərək bunu bildirirəm. Əslində hər bir əsər bir dünyanın təcəssümüdü. Bir dünyanın varlığından xəbər verir. “Yuxu maşını” da bir dünyanın varlığından, bu dünya o dünyanın təsvirindən doğan detalları əks elətdirir. Müəllifə öz oxucu təşəkkürümü bu yazını yazmaqla bildirir, ona yeni yaradıcılıq uğurları arzu edirəm.
Tural Cəfərli

Oxşar yazılar